Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 18:25

İsrail Rəfaha hücuma nədən bu qədər qərarlıdır və bunu istəməyənlərin sayı niyə çoxdur?


Rəfahda "əl-Faruk" məscidinin xarabalıqları yanında Fitr bayramı namazı qılan fələstinlilərin dron görüntüsü
Rəfahda "əl-Faruk" məscidinin xarabalıqları yanında Fitr bayramı namazı qılan fələstinlilərin dron görüntüsü

"The Associated Press" yazır ki, İsrail Qəzzanın ən cənub şəhəri olan Rəfahda HƏMAS-a qarşı hücuma keçməkdə qərarlıdır. Bu hücum bir milyondan çox dinc fələstinliyə zərər vura biləcəyindən dünya ictimaiyyəti təlaş içindədir.

ABŞ, Misir və Qətər Rəfaha hücumun qarşısını almaq ümidi ilə atəşkəs əldə edilməsinə çalışsa da, baş nazir Benyamin Netanyahu aprelin 30-da "razılaşma olsa da, olmasa da" ordunun HƏMAS-ı məhv etmək üçün Rəfah istiqamətində hərəkət edəcəyini təkrarlayıb.

"Başqa seçimimiz olmadığından Rəfaha girəcəyik. Biz orada HƏMAS batalyonlarını məhv edəcəyik, müharibənin bütün vəzifələrini tamamlayacaq, o cümlədən bütün girovlarımızı geri qaytaracağıq", - Netanyahunun sözləridir.

Hücum üçün hərbi planlarını təsdiqləyən İsrail əsgər və tanklarını hazırlıq məqsədilə ölkənin cənubuna gətirib. Hücumun nə vaxt baş verəcəyi hələ bilinmir.

İsraillə 40 illik sülh sazişinə təhlükə

Rəfah və civarlarında 1 milyon 400 minədək fələstinli yerləşib. Bu, Qəzza əhalisinin yarıdan çoxu deməkdir. Onların əksəriyyəti İsrailin qırğınlarından qaçmaq üçün Qəzzadakı evlərini tərk edib. İndi onları daha bir əzablı köç, ya da daha bir ağır zərbə gözləyir. Köçkünlər basırıq çadır düşərgələrdə, BMT sığınacaqlarında və daracıq mənzillərdə yaşayırlar. Hamısı beynəlxalq qida yardıımlarından asılıdır. Sanitariya sistemləri və infrastruktur sıradan çıxarılıb.

İsrailin HƏMAS-a savaş elanından bəri Netanyahu başlıca məqsədin HƏMAS-ın hərbi imkanlarını məhv etmək olduğunu deyib.

Digər yerlərdəki əməliyyatların HƏMAS-ın 24 batalyonundan 18-ni sıradan çıxarmasından sonra Rəfah HƏMAS-ın Qəzza zolağındakı əsas qalasıdır. Ancaq hətta hücumun ilk hədəfi olan Qəzzanın şimalında belə HƏMAS bəzi yerlərdə yenidən qruplaşıb və hücumlarını sürdürüb.

İsrail Qəzza zolağının cənubundan quru qoşunlarını çıxardıqdan sonra Rəfaha sığınan fələstinlilər Xan Yunisə qayıdırlar.
İsrail Qəzza zolağının cənubundan quru qoşunlarını çıxardıqdan sonra Rəfaha sığınan fələstinlilər Xan Yunisə qayıdırlar.

İsrail HƏMAS-ın Rəfahda dörd batalyonunun olduğunu və onları əzmək üçün quru qoşunlarını göndərəcəyini deyir. Bəzi yüksək vəzifəli döyüşçülər də şəhərdə ola bilər.

ABŞ İsraili mülki şəxslərin evakuasiyası üçün "inandırıcı" plan olmadan əməliyyat keçirməməyə çağırıb. İsrailin strateji tərəfdaşı olan Misir bildirib ki, hərbisizləşdirilmiş zona sayılan Qəzza-Misir sərhədini İsrail ordusunun ələ keçirməsi, yaxud fələstinlilərin Misirə itələnməsi istiqamətində hər hansı hərəkət onun İsraillə 40 illik sülh sazişini təhdid edə bilər.

İsrailin oktyabr ayından bəri dağıdıcı bombardmanlarla müşayiət olunan daha öncəki quru hücumları Qəzzanın şimalının xeyli hissəsini və cənubdakı Xan Yunis şəhərini yerlə-yeksan edib və bu ərazilərdə evakuasiya əmrləri verilsə də, çox sayda dinc sakin öldürülüb.

"Humanitar adalar"

İsrail ordusu hücum başlamazdan öncə Rəfahdakı mülki şəxsləri Qəzzanın mərkəzindəki "humanitar ada"lara yönlədirməyi planladığını və insanlara sığınacaq vermək üçün minlərlə çadır sifariş etdiyini deyir. Ancaq o planın detalları açıqlanmayıb. Bu qədər çox sakinin elə də əzab-əziyyət verilmədən birdən-birə köçürülməsinin logistik baxımdan mümkün olub-olmaması aydın deyil. Dəfələrlə bir yerdən başqa yerə köçürülən və aylarla bombardmana məruz qalan əhali onsuz da artıq çox üzülüb.

Üstəlik, BMT rəsmiləri Rəfaha hücumun Qəzza zolağındakı əhalini həyatda saxlayan yardım əməliyyatını sıradan çıxaracağını və fələstinliləri daha böyük aclıq və kütləvi ölümün ağuşuna atacağını deyirlər.

Şimalda bəzi qəbul məntəqələri açılıb. ABŞ yardımın dənizlə çatdırılması üçün limanın bir neçə həftəyə hazır olacağını vəd edir. Ancaq qida, dərman və digər gərəklərin çoxu Misirdən, Rəfah qapısından və ya yaxınlıqdakı Kerem Şalom keçidindən keçib gəlir. Hücum zamanı bu marşrut mümkün olmayacaq.

ABŞ prezidenti Co Bayden İsrail və HƏMAS arasında davam edən qarşıdurma fonunda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşür.
ABŞ prezidenti Co Bayden İsrail və HƏMAS arasında davam edən qarşıdurma fonunda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşür.

"Rəfahda böyük quru əməliyyatı görmək istəmirik"

ABŞ İsrailin qurudan böyük hücum aparmadan Rəfahın içərisində HƏMAS-a qarşı nöqtə əməliyyatlardan yararlanmalı olduğunu deyir.

Netanyahunun son şərtlərindən sonra Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi deyib: "Biz Rəfahda böyük quru əməliyyatı görmək istəmirik. Əlbəttə, [şəhərə sığınanların] güvənliyini nəzərə almayan əməliyyatlar görmək istəmirik".

Rəfaha hücum məsələsinin Netanyahuya ağır siyasi nəticələri ola bilər. Bu hücum olmasa da onun hökuməti dağılmaq təhlükəsi ilə üz-üzə qalacaq. Hücumun qarşısını alan atəşkəs sazişi imzalansa, Netanyahunun hökumətdəki bəzi ultramillətçi və mühafizəkar tərəfdaşları koalisiyadan çəkilə bilər.

Netanyahunun tənqidçiləri onun milli maraqdan çox, öz hökumətinin bütövlüyünü qoruyub saxlamaq və hakimiyyətdə qalmaq barədə düşündüyünü deyirlər. Onun özü bu ittihamı rədd edir.

Netanyahunun koalisiyasının üzvlərindən biri olan maliyyə naziri Bezalel Smotriç aprelin 30-da deyib ki, atəşkəs razılaşmasını qəbul edib Rəfah əməliyyatını gerçəkləşdirməmək İsrailin ağ bayraq qaldıraraq qələbəni HƏMAS-a verməsi demək olacaq.

Sözlər sərtləşsə də…

Digər tərəfdən, Netanyahu Rəfaha hücuma keçərsə, İsrailin beynəlxalq aləmdən təcridini gücləndirməkdən və əsas müttəfiqi olan ABŞ-ni uzaqlaşdırmaqdan qorxur. Onun sözdə dünyanın basqısına tabe olmaqdan imtina etməsi və əməliyyat başladacağına söz verməsi siyasi müttəfiqlərini inandırmağa yönəlmiş ola bilər. Əslində atəşkəs razılaşması variantını düşünsə də.

Yaxud Netanyahu hücumu gerçəkləşdirərsə, beynəlxalq aləmin qəzəbinin elə sözdə qalacağına ümid edir. Bayden administrasiyası Netanyahunun müharibədəki davranışı ilə bağlı ritorikasını getdikcə daha da sərtləşdirir. Ancaq o, İsraili silah və diplomatik dəstəklə təminatına da davam edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG